1
Qırmızı faciə Bakıya yaxınlaşmışdı. Bolşeviklər qədim şəhəri işğal etdilər. Qara buludlar Qarabağa doğru irəliləyirdi… Paytaxtdan sonra əyalətlərə üz tutan gözüqanlılar Şoranlını keçmişdilər…
Əmiraslan bəy Haqverdiyev Amanbəylidəki mülkündə idi. Qışı-yazı burda qalır, yayda Şuşadakı mülklərinə köç edirdilər. Tərtər çayının Kürə qovuşduğu, ada adlanan ərazidə yerləşən Amanbəylidən başqa ətraf bölgələrdə də xeyli torpaq sahələri, mülkləri, mal-qarası vardı Əmiraslan bəyin…
Ölkədə quruluş dəyişir, proletar üsul-idarəsi öz diktaturasını qururdu. Bəzi tacirlərdən başqa heç kim yurdunu tərk etmirdi…
Gələn xəbərlər isə qorxunc idi. Qırmızılar müqavimət göstərənləri qılıncdan keçirirdilər…
Əmiraslan bəy təmkinlə hadisələrin gedişatını gözləsə də narahat idi… Altı dəliqanlı oğlu sonbeşiyi, dünyalar gözəli, qızı Şəhrizadı necə qoruyacaqdı…
Bolşeviklər qız-gəlinlə pis rəftar etsələr oğlanlarını saxlaya bilməyəcəkdi.
Gözəlliyi dillərdə əzbər olan Şəhrizadı bir dəfə görən yenidən görmək üçün həyatını verərdi. Əmisi Ziyanın oğlu Talıb ilə nişanlansalar da qardaşları Şəhrizadı göz bəbəyi kimi qoruyurdular.
Günorta üstü Talıb bəy təşrif buyurdu:
– Dədəm deyir ki, onsuz da yaylağa gəlməyin vaxtı çatıb.
Gəlməyinizi istəyir. Şuşa hələ ki, təhlükəsizdir. Həm də ki, bir yerdə sonrakı addımlarımıza qərar verərik.
Əmiraslan bəy kiçik qardaşı Əkbər bəyə göstəriş verdi:
– Sən burda qal. Kəndlilərdən, nökər-qaravaşdan muğayat ol. Onları
başsız qoymayaq. Ara səngisin, biz də qayıdarıq…
Artıq köç hazırlanırdı. Sübh tezdən yola düşəcəkdilər…
Mehtər oğlu İsmayıl ilxının ən gözəl atını Şəhrizada saxlamışdı. Bu atın Qarabağda ən gözəl at olacağını hələ dayça vaxtından hiss etmişdi. O zamandan da özünə söz vermişdi ki, bu at Şəhrizadın olmalıdır…
Bunun da səbəbi vardı… Şəhrizada aşiqdi… Bu sevgisinin nə qədər imkansız olduğunu bilsə də özü ilə bacarmırdı. Qızın Talıb bəyə nişanlı olduğunu bilə-bilə onu xəyalından çıxara bilmirdi…
Sədaqətlə xidmət edib səcdə etdiyi bəyinin qarşısında özünü günahkar bilirdi. Başqasının nişanlısı, öz bəyinin qızı barədə fikirləşməyi belə günah sayırdı.